Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində Azərbaycanın milli stendini ziyarət etmişdir
Tarix:
30.03.2016
Ətraflı:

09-13 mart 2016-cı il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev təmsil olunur. Sərgidə, həmçinin, 14 yerli turizm şirkəti (SW travel, Greenwich Travel, Geo-travel, AZ Terra, ENC Tours, Galaxy Travel, The Tour, Al travel, Atropatena travel, Gilan Tourism, Green Apple, Khazar Travel, Pasha Travel) iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 17 – 19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi”-nin təşkilat komitəsi də təmsil olunur.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunmuşdur.

Sərginin üçüncü günündə 11 mart 2016-cı il tarixində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində Azərbaycanın milli stendini ziyarət edərək, ölkəmizi bu sərgidə təmsil edən milli turizm nümayəndələri ilə görüşmüşdür. Cənab Rifai bir neçə gün öncə ölkəmizdə Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzlərinin toplantısında iştirak etmək məqsədilə səfərdə olduğunu və ölkəmizdən zəngin təssüaratlarla ayrıldığını diqqətə çatdırmış, ölkəmizin turizm potensialının dünya turizm xərtisəində əhəmiyyətini vurğulamışdır.

Bundan əlavə 10 mart tarixində ölkəmizin milli stendi “Luftansa City Center” Beynəlxalq turizm operatorunun şəbəkəsinə daxil olan şirkətlərin illik şəbəkə toplantısına ev sahibliyi etmişdir. Tədbirdə ölkəmizin turizm şirkətlərinin də daxil olduğu beynəlxalq şəbəkəsinin 150-dən artıq üzvü iştirak etmiş və əməkdaşlığa dair görüşlər keçirilmişdir.

Qeyd etmək lazımdır ki, ötən il ərzində Almaniyadan ölkəmizə səfər edən turistlərin sayında təxminən 9 faiz artım müşahidə olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

Sistem kodu:
AHA000008