Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Qobustan Milli tarix-bədii qoruğu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birlikdə yerli səviyyəli layihə həyata keçirir
Tarix:
30.09.2016
Ətraflı:

Qobustan Milli tarix-bədii qoruğu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birlikdə “Qobustan Azərbaycanın Ümumbəşəri Mədəni İrsi” layihəsinin icrasına başlamışdır. 21 dekabr 2016-cı il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə layihənin təqdimatı keçirilmişdir.

Layihənin məqsədi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən məktəblərdə təhsil alan gənclərə Qobustan Milli tarix-bədii qoruğunun “YUNESKO”nun Dünya İrsi elan edilmiş abidələrini öyrətmək, gənclərdə milli vətənpərvərlik ruhunu aşılamaq, onlarda Qobustan abidələrinin qorunması və təbliği istiqamətində məsuliyyəti artırmaqdan ibarətdir. Layihə çərçivəsində iştirakçı gənclərə Qoruq əməkdaşlarının işi ilə tanışlıq, onlara abidələrin öyrənilməsi və qorunması sahəsində bilik və vərdişlərin öyrədilməsi nəzərdə tutulmuşdur.

Qobustan abidələri “YUNESKO”nun Dünya İrsi siyahısına daxil edilmiş iki dünya əhəmiyyətli abidələrimizdən biridir. Qobustan anlayışının azərbaycanlı kimliyində öz əvəzedilməz yeri vardır. Qobustan abidələri ilə tanışlıq və onların Azərbaycan xalqının tarixindəki yerini öyrənmək hər bir gəncdə milli qürur, vətənpərvərlik hissləri oyadır. Bu abidənin öyrənilməsi, mahiyyətinin dərk edilməsi, təbliği və onun gələcək nəsillərə çatdırılması hər bir Azərbaycan gəncinin qarşısında duran ən məsuliyyətli vəzifələrdən biridir. Bu mənada Qobustan abidələri ilə tanış olmağa gələn xarici turistlərlə daha çox ünsiyyətdə olan Qobustan qoruğuna yaxın ərazilərdə yaşayan gənclərin üzərinə daha çox məsuliyyət düşür. Qobustan qoruğunun mədəni sərvətləri, fauna və florası ilə daim təmasda olan bu gənclər Qoruğun abidələrinin təbliği və qorunmasında birbaşa təsir imkanına malikdirlər.

Layihənin 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində məktəblilərlə görüşlər keçiriləcək, seminarlar, mühazirələr və praktiki məşğələlər təşkil olunacaqdır.

Sistem kodu:
AHA000002